Azərbaycan kino mühitində diqqət çəkən hadisələrdən biri baş verdi — Azərbaycan Kinematoqrafçılar İttifaqı-nın dəstəyi ilə Azərbaycan Kaskadyorlar Gildiyası-nın rəsmi saytının təqdimatı keçirildi. Tədbir ölkənin tanınmış rejissorlarını, prodüserlərini və aktyorlarını bir araya gətirərək peşəkar müzakirələr və yaradıcı fikir mübadiləsi ilə yadda qaldı.
Tədbir boyunca çıxış edən qonaqlar Gildiyanın fəaliyyət istiqamətlərini yüksək qiymətləndirərək, onun Azərbaycan kinosunda döyüş səhnələrinin keyfiyyətinin artırılması və peşəkar kaskadyor məktəbinin formalaşmasında mühüm rol oynayacağını vurğuladılar. Onlar həmçinin bu təşəbbüsün beynəlxalq əməkdaşlıqlara yol açacağına inandıqlarını bildirdilər.
Tədbirdə Gildiyaya dəstək göstərən rəsmi qurumlar və fərdi şəxslər haqqında ətraflı məlumat təqdim olundu. Daha sonra Gildiyanın təsisçiləri — Sain Fərhad və Sərxan Tağıyev çıxış edərək təşkilatın məqsədləri, gələcək planları və beynəlxalq standartlara uyğun inkişaf strategiyası barədə fikirlərini bölüşdülər.
Çıxışların ardınca Gildiyanın rəsmi saytının təqdimatı keçirildi. Saytın funksionallığı, təqdim etdiyi imkanlar və kaskadyor sənətinin inkişafına verəcəyi töhfələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Rəsmi saytın təqdimatını, Millenium Creative Agency rəhbəri Salman Ələkbərzadə etdi.
Tədbir sonda açıq diskussiya formatında davam etdi — iştirakçılar arasında canlı fikir mübadiləsi aparıldı, yeni ideyalar səsləndirildi və gələcək əməkdaşlıqlar üçün ilkin addımlar atıldı.
Bu təqdimat yalnız bir saytın istifadəyə verilməsi deyil, həm də Azərbaycan kinosunda kaskadyor sənətinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisi kimi qiymətləndirildi.