Yanvarın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqında İzzət Kino Mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın ilk kinoaktrisası, “Sevil” filmində Sevil, “Almaz”da Almaz obrazlarının mahir ifaçısı kimi tanınan İzzət Orucovanın şərəfinə adlandırılmış mükafat Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci dalğasının qalibidir. Mükafat AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib və Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Mükafatın ilk qalibləri rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor, prodüser Türkan Hüseyndən ibarət münsiflər heyəti tərəfindən seçilib.
İzzət Kino Mükafatının ilk qalibləri aşağıdakılardır:
- Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – Azərbaycan kinosunda qadınları ön plana çıxaran beynəlxalq film festivalı təşəbbüsü və uğurlu fəaliyyətinə görə (mükafat təşkilati heyət adından festivalın meneceri Nəzrin Əsgərovaya təqdim edilib);
- Prodüser Sevinc Əliyeva – Azərbaycan kinosunda uğurlu prodüser fəaliyyətinə görə;
- “Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, “Çamodanlar” bədii tammetrajlı, “Qırxdan sonra” bədii qısametrajlı filmlərin rejissoru Səidə Haqverdiyeva – Azərbaycan kinosunda uğurlu rejissorluq fəaliyyətinə görə;
- Kinotənqidçi, Azərbaycan Kino Tənqidçiləri və Kinoşünasları Gildiyasının sədr müavini, Kinoyazar.az saytının baş redaktoru Aygün Aslanlı – Azərbaycan kinosunda uğurlu kinotənqidçi fəaliyyətinə görə.